Bu millət
Bu qədər ulukən, bu qədər qədim
Az qalıb kökünü dana bu millət
Mən ona anamın anası dedim,
Yaman öyə çıxdı, ana, bu millət
Yüz adla anıldı adı bu soyun,
Alban, Atropatan, Tatar - min oyun
Adını dəyişin Şahsevən qoyun,
Qul ikən padşaha, xana bu millət
Altayda, Sayanda ayaq izlərin
Dünyaya hökm edən nəsil sizlərin
Dönüb əsirinə əsilsizlərin
Düşüb hansı kökə, günə bu millət
Sürdüyü ömürmü, gündümü görən
Susan vicdanları dindimi görən
Mirzə Sabirləri qandımı görən,
Mirzə Sakitləri qana bu millət
Bu necə qürurdu, bu necə ad, san
Yadın səcdəgahın, doğmana yadsan
Dəyər generala, itə daş atsan
Doymur saxta şöhrət, şana bu millət
Hancıydın – yolçusan, hanı hanların
Yerdəmi qalacaq bunca qanların
Ruhları sızlıyır Səttarxanların
Elə çəkilib ki qına bu millət
Saxtalar, yalanlar gerçəyə dönüb
Yıx bəndi bərəni, gur çaya dönüb
Qapıda bəslənən serçəyə dönüb,
Kaş qarlı dağlara qona bu millət
Çaqqalı karvana ulamasıynan,
Nursuz ziyalısı bulamasıynan,
Şərə şərik çıxan üləmasıynan,
Zor gəlir imana, dinə bu millət
Özü halvasını çalıbdı bu xalq
“Lazım gəlsə”lərə qalıbdı bu xalq
Yenilə yenilə qalibdi bu xalq,
Sındıqca qovuşur “ünə” bu millət
Qabıq dəyişdirir, qın dəyişdirir
Xoruzuna görə hin dəyişdirir
İndi yüz dollarla din dəyişdirir
Tapır şeytanlara, cinə bu millət
Ocağı başında yadlar ağnaşır
Kükrət qeyrətini, səbrini daşır
Qəfəsdə qartal da saxsağanlaşır
Oğullar, qoymayın sına bu millət
Min üzlü Batıdır ümid dağıdan
Dərdinə çarə yox yaddan, yağıdan
Bir çıxa matəmdən, yasdan, ağıdan
Titrəyib özünə dönə bu millət
Müti xislətiylə, qul sevdasıyla
Bütə, tapınağa bol sevdasıyla
Kürsü sevdasıyla, pul sevdasıyla
Girir min libasa, dona bu millət
Varislər sırada, başına xeyir
Bu nə tamaşadı, bu necə seyr
Hələ yurdmu deyir, yuvamı deyir,
Tülkülər dadanan hinə bu millət
Yaltaqlıq ruhunu elə bürüdü
Nefsi varlığını yıxdi, sürüdü
Bu günü tarixin təkərrürüdü
Gedir qiyamətə, sona bu millət
Əriyib yox olan dil onun ikən,
Söndürülən ocaq, kül onun ikən
Hərraca qoyulan el onun ikən,
Çəkib yaxasını yana bu millət
Şeri, sənəti də aşıq mədhidi;
“Gedən İsa Məsih, qalan Mehdidi”
Deyir bir ölünün kəramətidi,
Açılan sabaha, dana bu millət
Orda ayaq altda baba məzarı
Silah tut,qılınc tut,yerə qoy tarı
Yarısı qəzəlxan,yarı soytarı,
Manıstan yığılıb cana bu millət
Günü gətirdilər dininə dini
“Lüt”ü bol,bütü bol – dini nə dini
Susturub əzani Məhəmmədini,
Susayır kilsədə çana bu millət
Bu vətən ər oğlu ər möhtacıdı
Tarix ibrət dolu, tarix acıdı
Yenə şaumyanlar başlar tacıdı,
Düşüb qürbətlərə, genə bu millət
Nə vətən, nə tarix bağışlayacaq,
Qeyrət zamanıdır bu dövran, bu çağ
Yenə də özünə gün ağlayacaq
Yenə bu millətdi, yenə bu millət
Alıntıdır.