Rusiya Arzular və İmkanlar Ölkəsi

SALUR

Dost Üyeler
Katılım
23 Ara 2008
Mesajlar
859
Tepkime puanı
0
Puanları
0
Konum
(the_aci_show)
Rusiya Arzular və İmkanlar Ölkəsi


Tarix fəlsəfəsi və sosiologiya elminin atası hasab edilən tarixçi və siyasət nəzəriyyəçisi İbn Xəldun (Tunis 1332-1406 Qahirə) dövlətləri insan orqanizminə bənzədirdi. Alim deyirdi ki, dövlətlər də insanlar kimi doğulurlar, uşaqlıq və gənclik dövrlərini yaşayıb nəhayət özlərinin ən güclü dövrünə çatırlar, sonra yavaş-yavaş zəifləyərək ortayaşlılıq, yaşlılıq və qocalıq dövrlərini başa vurub ölüb gedir, tarix səhnəsini tərk edirlər.

Vaxtilə dünyanın iki “super„ dövlətindən birinin vətəndaşı olmaq SSRİ vətəndaşlarında, xüsusilə də ruslarda xüsusi bir psixologiya və qürur hissi yaratmışdı. Buna görə də SSRİ-nin dağılması ruslarda ağır psixoloji travma və ruh düşkünlüyü ilə müşayət olunmuşdu. Rus intellektuallarının mühüm bir qismi, xüsusilə də ali bürokratiya “velikorus” ideyasının əsla gerçəkləşməyəcəyinə inanmaq istəmir, yeni iqtidardan “Rusiyanın hələ də dünyanın ən güclü ölkələrindən biri olduğunu” hamıya sübut etməsini gözləyirdilər.

Lakin iqtisadi problemlər və beynəlxalq siyasətdəki reallıq Rusiyanın yenidən dünyanın güclü dövlətlərindən birinə çevrilə bilməsi üçün həll etməli olduğu çox sayıda „ev tapşırığı“nın olduğunu göstərdi. Bundan başqa başda ABŞ olmaqla qərb dövlətləri Rusiyanın „SSRİ kimi olmaq“ arzusunun qarşısın ciddi cəhdlə alırdılar. Yeltsin 1990-cı illərin əvvəllərində iqtidarının dəstəklənməsi arzusu ilə qərblə əlaqələrini müsbət müstəvidə inkişaf etdirsə də 1994-cü ildən sonra “velikorus” intonasiyasını xatırladan tərzdə çıxışlar etməyə başladı. Moskva nə qərblə əlaqələrin müsbət inkişafından nə də şovinist istəklərdən əl çəkə bilirdi.

Rusiyanı bütün daxili və xarici problemlərinə baxmayaraq beynəlxalq siyasi arenada mühüm fiqurlardan birinə çevirən bir çox amil var. Hər şeydən əvvəl Rusiya ərazisinə görə dünyanın ən böyük ölkəsidir. Bu isə zəngin karbohidrat ehtiyatlarına malik olması ilə birlikdə onun geostrateji əhəmiyyətini artırır. Rusiya dünyanın ikinci böyük nüvə dövlətidir. 1994-cü ildən etibarən iqtisadi cəhətdən inkişaf etmiş 7 ölkə ilə birlikdə G-8-in üzvüdür.

Bütün bunların fərqində olan ABŞ Rusiya ilə əlaqələrini daim normal səviyyədə saxlamağa üstünlük verir. Xüsusilə də 11 sentyabr hadisələrindən sonra Rusiyanın MDB və Orta Şərq coğrafiyasındakı tarixi rolunu nəzərə alaraq Rusiya ilə zidd mövqelərdə dayanmamaq siyasətini güdür. Lakin bu iki ölkə arasıda mübarizənin olmadığını ifadə etmir. Hətta vaxtaşırı olaraq biz iki ölkə rəsmilərinin söz duelinə çıxdıqlarının da şahidi oluruq. Siyasi rəqabətdə hələ ki, üstünlük ABŞ-ndadır. Rusiya MDB sahəsində, xüsusilə də Qafqazlarda ABŞ-la girişdiyi nüfuz mübarizəsində məğlub olmuşdur. Bunun ən bariz nümunələrindən biri NATO-nun 2004-cü ildə Rusiya sərhədlərinə qədər genişlənməsi olmuşdur. Son hadisələr, yəni Gürcüstanla “5 günlük müharibə”nin ardınca gələn hadisələr, Rusiyanın başda ABŞ olmaqla qərb dövlətləri tərəfindən ciddi şəkildə sıxışdırılması isə onu göstərir ki, Rusiya cənubi Qafqazdakı mövqeləri ilə tamamilə üzülüşməli olacaq. Əgər hadisələrin hazırki inkişafında ciddi bir dönüş olmasa yaxın vaxtlarda Rusiyanın cənubi Qafqazdakı son dayaq nöqtəsi olan Ermənistan köhnə dostu ilə yollarını ayırmalı olacaq.

Xarici ticarətdə Avropa İttifaqı ölkələri Rusiyanın əsas partnyorlarından biridir. Rusiya ixracatının Aİ ölkələrinə düşən payı 35%-dir. Lakin Çeçenistandakı haqsız müharibə, şimali Qafqazda sivillərə qarşı tətbiq edilən dövlət terroru, mətbuat və ifadə azadlığının boğulması, Pribaltikada rusların hüquqlarının qorunması, Dünya Ticarət Təşkilatına üzvlük kimi məsələlər Aİ ilə Moskva arasındakı əlaqələrin vaxtaşırı kəskinləşməsinə səbəb olur. Rusiyanın Aİ ölkələrini xüsusən də qış aylarında enerji şantajına məruz qoyması mövzusuna əvvəlki yazılarımızda toxunmuşduq. Ümumiyyətlə keçən avqust ayına qədər Moskvanın beynəlxalq və regional siyasi məsələlərdə Aİ-dan daha çox Vaşinqtonla ortaq dil tapa bildiyini deyə bilərik. Buna yanaşı Moskvanın son dövrlərdə Paris və Berlin əlaqələrində inkişaf müşahidə olunurdu.

Rusiya dünyanın ən zəngin ölkələrindən biridir. Dünyadakı mövcud xammal, enerji və bioloji mənbələrin 35% Rusiya ərazisindədir. Ölkə dünyadakı aliminium, platin, nikel, uran kimi streteji xammal mənbəlrinin yarısına sahibdir. Dünyadakı əkinə yararlı torpaqların təqribən 17,5%, qeyri-tropik meşə sahələrinin isə 46% Rusiyanın payına düşür. Rusiya enerji ixracatına görə dünyada 7-ci yeri tutur. Dünyada istehsal olunan neftin 13%, təbii qazın 32%, kömürün 11%, dəmirin 26%, qurğuşunun 10%, sinkin 15% Rusiyanın payına düşür. Rusiyanın milli sərvətinin 85%-ni təbii sərvətlər təşkil edir. Halbuki inkişaf etmiş ölkələrdə bu nisbət 10% keçmir.

RF Təbii Sərvətlər Nazirliyinin 2004-cü ilin yanvarında açıqladığı rəqəmlərə görə Rusiya dünyada nikel, gümüş, volfram və almaz (Rusiyanın almaz ehtiyatları bütün dünya ölkələrininkinin cəmindən daha çoxdur) ehtiyatlarına görə dünyada 1-ci, platin və titan ehtiyatları baxımından 2-ci, dəmir filizi, molibden, kobalt ehtiyatlarına görə 3-cü, sink ehtiyatlarına görə 4-cü yeri tutur. Göründüyü kimi Rusiya qlobal kapitala, söz yerində isə, “gəl-gəl” deyir.

Nefin qiymətinin sürətlə artması 1998-ci ildə ağır iqtisadi böhran keçirən Rusiya üçün göydəndüşmə olmuşdu. Belə ki, son illərdə ölkə sürətlə inkişaf edir, infilyasiya azalır, xarici ticarət balansı yüksəlir, büdcə kəsir verməməklə yanaşı hətta artıq çıxarır, xarici borclar vaxtında ödənir, valyuta ehtiyatları artır və s. Ən azından yaxın vaxtlara qədər belə idi. Neftin ucuzlaşması və son maliyyə böhranı nəticəsində Rusiyanın bir neçə həftə ərzində itkilərinin 60 milyard $-a çatması bunun heç də belə davam etməyəcəyini göstərir.

İqtisadi inkişaf böyük ölçüdə neft və qaz ixracatından aslıdır. Rusiyanın ixracatının 60%-i enerjinin payına düşür. Rusiya 2004-cü ildə neft və qaz ixracatının ÜDM-dakı payının 9% olduğunu açıqlasa da həmin il Dünya Bankı bunu təkzib etmiş və bu rəqəmin ən az 25% olduğunu bildirmişdi. 2003-cü ildə Rusiyanın xarici ticarət həcmi sıçrama ilə artmış, 25% artışla 191,1 milyard $ çatmışdı. İxracat 25,3% artışla 133,7 milyard $ çatan ixracat, təqribən eyni nisbətdə artaraq 57,4 milyard $ olmuş idxalatdan 76,3 milyard $ daha çox idi. 2005-ci il rəsmi rəqəmlərinə görə isə ixracat 241,3 milyard $, idxalat isə 98,5 milyard $ olmuşdu.

2003-cü il göstəricilərinə görə RF-nın xarici ticarət partnyorları sırası ilə belə olmuşdur: Almaniya (16,8 milyard $; artış %28,5) Hollandiya (11,6 milyard $; %65,1), İtaliya (10,8 milyard $; %35,6), Çin (10,7 milyard $; %33,3), ABŞ (6,7 milyard; %23,1), Türkiyə (5,9 milyard; %46,2), Finlandiya (5,9 milyard; %29,5). Rusiyaya əmtəə və xidmət ixrac edən əsas ölkələr Almaniya, Belarus, Ukrayna, Çin, ABŞ və İtaliyadır.

Rusiyanın əsas gəlir mənbələrindən biri də silah satışlarından əldə edilən gəlirlərdir. 2003-cü ildə Rusiya silah satışından 5,4 milyard $ gəlir əldə etmişdi. Bu isə bir ildə 0,6 milyard artış demək idi. 2002-ci ildə bu rəqəm 4,8 milyard $ olmuşdu. İxrac etdiyi müdafiə sənayesi mallarının 70% hava, 15% dəniz, 8% quru qoşunlarına, 7% isə hava hücumundan müdafiəyə aid silah və ləvazımatdır. Rusiya silah satışına görə dünyada 2-ci yeri tutur. Dünyada silah satışının 40% ABŞ, 19% Rusiya, 18,5% İngiltərə və 7% Fransanın payına düşür.

Bütün bunlara baxmayaraq Rusiya hələ də dünyanın ən kasıb ölkələrindən biridir. Rusiyanın ən varlı adamları Kremldə oturan iri dövlət məmurları və oliqarxlardır. Yoxsulluq Rusiyanın ən ciddi problemlərindən biridir. Ölkə əhalisinin 40% özünü yoxsul hesab edir, özünü varlı hesab edənlərin nisbəti isə 7%-dir. Rəsmi rəqəmlərə görə 2004-cü ildə əhalinin 18,7%, yəni 26,7 milyon insan yoxsulluq həddinin altında yaşayırdı.

Belə bir şəraitdə dünyanın ən varlı adamları arasında Rusiya vətəndaşlarının adının yazılması da bu ölkənin başqa bir mühüm cəhətidir. Dollar milyarderlərinin sayına görə Rusiya, ABŞ və Almaniyadan sonra dünyada 3-cü yeri tutur. Forbes jurnalının 2004-cü il fevral ayı statistikasına görə Rusiyada 36 dollar milyarderi yaşayırdı. Bunların 33-ü Moskvada yaşayır. Bu da Moskvanı ən çox dollar milyarderi yaşayan şəhərə çevirib. Bu milyarderlərin mənşəcə yəhudi olması isə işin başqa bir maraqlı tərəfidir. Sırada Mixail Xodorkovskiy (“Yukos”un həbsdəki prezidenti, 15,2 milyard $) birinci, Roman Abramoviç (Sibneft, 12,5 milyard $) ikinci, Viktor Vekselberq (Sual Holdinq, 5,9 milyard $) isə üçüncüdür. Rusiya milyarderlərinin sərvətinin cəmi Rusiya ÜDM-nun 1/4-nə bərabərdir.

Ölkədə gəlir bölgüsündəki ədalətsizlik dəhşətverici həddədir. Əhalinin ən varlı 10%-lik qismi bütün milli gəlirin 35%-ni əllərində saxlayır. Ən yoxsul 10 % isə cəmi 2,5 %-ni. Yəni aradakı fərq 14 dəfədir. Qərbi Avropa ölkələrində bu fərq maksimum 7 dəfədir. 2003-cü ildə əhalinin gəlirləri 13%, olqarxların gəliri isə 240% artmışdır. Aradakı uçrumun belə qorxunc həddə olmasının əsas səbəblərindən biri də SSRİ-nin dağılma prosesi və ondan sonrakı proseslərdə özəlləşdirmənin düzgün aparılmaması, daha doğrusu qeyri-qanuni aparlıması olmuşdur. Ən azından rusiyalılar belə düşünürlər. Əhalinini 77% aparılmış özəlləşdirmədən narazıdır.

Dövlət səhiyyə, təhsil xidmətlərinin verilməsi, eləcə də dövlət sektorunda işləyənlərin maaşlarının ödənilməsi kimi məsələlərdə ciddi problemlərlə üz-üzədir. 2004-cü ildə orta əmək haqqı 250 $, orta təqaüd isə 75 $ səviyyəsində olmuşdur. İşsizlik də Rusiyanın ən çətin problemlərindən biridir. Rəsmi statistikaya görə əhalinin 70%-i “qeyri-insani şəraitə malik mənzillərdə” yaşayır. Putinin seçkiqabağı “indi əhalinin 10% yaşadığı şəraitdə 2010-cu ildə əhalinin 1/3-i yaşayacaq” vədinin söz verilmiş vaxtda gerçəkləşməsi mümkün deyil.

Ölkədə əhalinin təbii artımı azalır, aşağı səviyyəli səhiyyə xidməti, xəstəliklər, içki və narkotiklərin istifadəsinin artması nəticəsində ölümlər artır. Son bir neçə il ərzində Rusiyanın əhalisi 750-800 min nəfər azalmışdır. Bu millətin genefondunun gələcəyi və gələcəkdə iş qüvvəsi baxımından təhlükəlidir. Bugün əhalisinə görə dünyanın 7-ci ölkəsi olan Rusiyanın XXI əsrin ortalarında əhalisinin azalaraq 100 milyona enməsi gözlənilir. Nikahlar azalır, boşanmalar çoxalır, nikahsız birlikdə yaşamaların sayı artır. 2003-cü ilin ilk on ayında 855,5 min nikah, 715,7 min boşanma qeydə alınmışdır. Ailələrdə uşaqların sayı ya 1-dir ya da yoxdur. Rəsmi statistikaya görə illik spirt istehlakı adambaşına 14 litrdir. Bu adambaşına (yarımlitrlik) 70 şüşə alkaqollu içki deməkdir. Yəni hər bir vətəndaşa illik 96 qram alkaqollu içki düşür. Rusiyada ölümlərin 1/3-i (təqribən 500 min) alkaqollu içki səbəbiylə baş verir. Ölkədə 4 milyondan çox narkotik maddə istifadəçisi, 1 milyondan artıq QİÇS (AIDS) xəstəsi var. QİÇS xəstələrinin 8 minə yaxını uşaqlardır. Hər il 3500 vətəndaş bu xəstəlik səbəbiylə ölür. 4 milyondan çox küçə uşağı var. Rusiya mütəşəkkil cinayətkarlığa görə də dünyada ilk yerlərdən birini tutur. 2003-cü ildə ölkədə 2 milyon 750 minə qədər cinayət hadisəsi qeydə alınmışdır. Statistikaya görə Rusiyada dəqiqədə 5 cinayət hadisəsi baş verir. Ən çox oğurluq və qarət kimi cinayətlər törədilir. Korrupsiya və rüşvətxorluq hallarına görə Rusiya dünyanın 133 ölkəsi arasında 86-cı yerdədir (http://www.transparency.org).

Belə şərtlər altında Putin və Medvedyev dünyanın böyük siyasi qüvvəsinə rəhbərlik edən siyasətçidən daha çox, arzuları ilə imkanları üst-üstə düşməyən çaşqın adama daha çox oxşayırlar. “Soyuq müharibə” dövrü çoxdan keçib və bir daha başlayacağı da çox uzaq bir ehtimaldır. Çünki soyuq müharibə iki dövlətin deyil, iki ideologiyanın toqquşması nəticəsində meydana çıxmışdı. Bu ideologiyalardan biri artıq yoxdur, daha doğrusu nəhəng hərbi-siyasi güc tərəfindən təmsil olunmur. Digəri isə inkişafının zirvəsini fəth edərək indi üzü aşağı enməyə doğru üz tutub. Dəmir pərdənin yenidən çəkilməsi üçün ideoloji səviyyədə heç bir əsas yoxdur. Belə bir şəraitdə soyuq müharibədən yox Rusiyanın özünü təcrid etməsindən söhbət gedə bilər. Rusiya isə bunu istəsə də edə bilməz. Rusiyanı idarə edənlər bəsit bir həqiqəti ya görmürlər ya da qəbul etmək istəmirlər; böyük dövlət olmaq üçün dövlət idarə etdiyi xalqla barışıq olmalıdır, idarə etdiyi xalqla barışıq olması üçün ölkədə rifah səviyyəsi yüksək olmalı, insanlara bərabər imkanlar təklif edilməlidir, rifahın yüksək olması üçün şəffaf siyasətə və liberal iqtisadiyyata ehtiyac var. Bu ikisi, yəni şəffaf siyasət və liberal iqtisadiyyat tətbiq olunmadan hər hansı bir dövlətin uzun müddət üçün hər tərəfli tərəqqisindən danışmaq ümumiyyətlə yersizdir. Doğrusu Rusiya həqiqətən çıxılmaz vəziyyətdədir. Rusiyanın bu gün şəffaf siyasət və liberal iqtisadiyyatı mənimsəməsinin bir neçə il sonra məzkəzdənqaçma meyllərini artıracağı şübhəsizdir. Rusiyadakı federativ sistem şəffaf siyasət üçün həddən artıq kövrəkdir. Lakin müasir dövrdə belə böyük bir federasiyanın mövcud üsullarla idarə olunması nə vaxta qədər davam edəcək? Bunu demək çətindir. Rusiya bugünkü vəziyyəti ilə daha çox Bizans imperiyasının XIII-XIV əsrlərdəki halını xatırladır. Həmin dövrdə Bizans taxtına güclü şəxs oturanda dövlət güclü görünürdü, hakimiyyətə zəif iradəli hökmdarın gəlməsi isə dövlətin zəifləməsinə səbəb olurdu.
Alıntıdır.

 
Üst